Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12 May-Beynəlxalq Bitki Sağlamlığı Günü ilə əlaqədar bitkiçilik təsərrüfatlarında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Bu barədə “Report”a AQTA-dan məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində mayın 11-də “Könüllü Qida Nəzarətçilər”i istixanalarda və müxtəlif bitkiçilik təsərrüfatlarında maarifləndirici görüşlər keçirib. Görüşlərdə könüllülər tərəfindən istixanalarda çalışan işçilərə virus mənşəli xəstəliklərin və digər zərərli orqanizmlərin yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən sanitar-gigiyena və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, bitki sağlamlığının və fitosanitar sabitliyin təmin olunmasında, eləcə də mövcud risklərin qarşısının alınmasında sahibkarların üzərinə böyük məsuliyyət düşür.
Görüşlər zamanı həmçinin istixana işçilərinə bitkilərə ciddi ziyan vuran virus xəstəliklərinə və həmin xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərinə dair məlumatların əks olunduğu maarifləndirici bukletlər təqdim edilib. Qida təhlükəsizliyinin təmin olunmasında bitki sağlamlığının əhəmiyyəti diqqətə çatdırılıb.