Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağı yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da başlamış beynəlxalq tədbir oktyabrın 2-də başa çatıb.
Bakı Konqres Mərkəzində baş tutan tədbirin 4-cü (sonuncu) günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib. Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.
Konfransın sonuncu günü keçirilən “Rəqəmsal əsrdə qanunun aliliyinin təmin edilməsində prokurorun rolu – çağırış və cavablar”, “Rəqəmsal sübutlar və süni intellektdən istifadə çərçivəsində şəffaflığın, hesabatlılığın və məlumatların qorunmasının təmin edilməsi”, “Kibercinayətkarlığın təqibində beynəlxalq əməkdaşlığın əhəmiyyəti” adlı plenar sessiyaları və “Ekoloji cinayət”, “Kibercinayətkarlıq” və “Terrorla mübarizə” seminarlarında səmərəli fikir mübadilələri baş tutub, müzakirələr aparılıb.
Tədbirin əsas hissəsindən sonra bağlanış mərasimi baş tutub.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının və Ümumi Yığıncağının uğurla başa çatdığını bildirərək, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə iştirakçı dövlətlərin həmfikir olduğunu, bunun üzv ölkələrin prokurorluq və ədliyyə qurumları arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəyini qeyd edib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques çıxış edərək 29-cu İllik Konfransın və Ümumi Yığıncağın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi və digər iştirakçıları təbrik edib, göstərilən qonaqpərvərlik və isti münasibətə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Həmçinin, çıxış edən Assosiasiyanın Baş katibi Roel Dona tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prokurorluğuna və digər əməyi keçən hər kəsə təşəkkür edib, dünyanın ən gözəl paytaxt şəhərlərdən biri olan Bakının indiyədək təyin olunmuş konfranslar tarixində öndə yer tutduğunu qeyd edib.
Daha sonra Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik (yubiley) Konfransının və Ümumi Yığıncağının Sinqapurda (Sinqapur şəhərində) keçiriləcəyini diqqətə çatdıraraq, Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vonqu bu münasibətlə təbrik edib.
Lüsyen Vonq çıxış edərək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının və Ümumi Yığıncağının uğurla başa çatması münasibətilə Kamran Əliyev başda olmaqla bütün üzv ölkələri təbrik edib və bildirib ki, artıq BPA-nın 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağının Sinqapurda keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Lüsyen Vonq 30-cu İllik (Yubiley) Konfransda və Ümumi Yığıncaqda Azərbaycanın geniş təcrübəsindən istifadə olunacağını vurğulayıb.
Sonda Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının rəmzi bayrağını Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vonqa təqdim edib.
Bununla da ölkəmizdə keçirilən beynəlxalq tədbir uğurla başa çatıb.