“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət əməllərinin qiymətləndirilməsi prosesinə yerli qiymətləndirmə şirkətləri cəlb edilib. Bu işlər özəl sektorla dövlət qurumları arasında əməkdaşlıq prinsipi çərçivəsində həyata keçirilir. Özəl sektorun da malik olduğu təcrübəsi var və ondan da yararlanmaq nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycana vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.
“Eyni zamanda beynəlxalq təşkilatlar və müstəqil beynəlxalq təsisatlar da bu prosesə cəlb ediləcəklər. Prezident İlham Əliyevin sərəncamında da Xarici İşlər Nazirliyinin xəttilə bu prosesə bu qəbildən olan beynəlxalq təsisatların cəlb olunması nəzərdə tutulub. Həmçinin bu zərərin ümumi qiymətləndirilməsi və ümumi nəticəyə gəlinəcək rəqəmlər də XİN xəttilə beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Çünki bu məqamların hər biri hərbi cinayətdir”, – o qeyd edib.