İyunun 17-də Birinci Bakı Beynəlxalq “Challenge” turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş və Dənizkənarı Milli Parkda təşkil olunan (Azərbaycan Dövlət Kukla Teatrının arxası) gimnastika hamı üçün növü üzrə Birinci Bakı Beynəlxalq “Challenge” turnirində Azərbaycan, Gürcüstan və Litvadan 46 komanda, o cümlədən 500-dək idmançı bacarığını göstərəcək.
“Challenge”də paytaxtla yanaşı, ölkəmizin 20 bölgəsindən idmançılar da qüvvələrini sınayacaqlar.
Tədbirə iştirakçıların “Dəniz Mall” ərazisindən Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı əraziyədək yürüşü ilə start verilib. Komandaların musiqi sədaları altında rəngarəng nömrələri qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş edib.
“Challenge” çərçivəsində breykdans, milli rəqs, zumba üzrə ustad dərsləri və tamaşaçılarla birgə flaşmobun keçirilməsi nəzərdə tutulur.
İyunun 18-də keçiriləcək qala-şounun xüsusi qonağı “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov olacaq.
Müsabiqədə ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri iştirak edəcəklər.
Qeyd edək ki, dünyada böyük populyarlığa malik qeyri-yarış növü olan gimnastika hamı üçün Azərbaycanda yeni inkişaf edən idman növləri sırasındadır. Bu növlə yaşından və fiziki qabiliyyətindən asılı olmayaraq, hər bir şəxs məşğul ola bilər. Bu idman növündə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid iki tədbir mövcuddur: dörd ildən bir keçirilən Ümumdünya Gimnastradası və “World Gym for Life Challenge” yarışları.
Azərbaycan gimnastlarının 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasına qatılmaları ilə ölkəmizdə rəsmi olaraq “Gimnastika hamı üçün” növünün əsası qoyulub.