Bişkekin cənubunda Qırğızıstan-Azərbaycan Dostluq Parkının təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov 2018-ci ildə Çolpon-Ata şəhərində, 2019-cu ildə isə Bakıda keçirilən Türk Şurasının sammitlərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində parkın yaradılması barədə razılığın əldə olunduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, razılığa əsasən Azərbaycan tərəfi, həmçinin Bişkekin “Kok-Jar” yaşayış massivində orta məktəb binası tikəcək.
Belə tədbirlərin ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlığın mövcudluğundan xəbər verdiyini deyən Sooronbay Jeenbekov bildirib: “Qırğızıstan Azərbaycan ilə illərin sınağından çıxmış dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Parkın yaradılmasına göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu park xalqlarımızın dostluğunun rəmzinə çevriləcək”.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Prezident Sooronbay Jeenbekova təşəkkürünü bildirib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin parkın təməlinin qoyulması münasibətilə məktubunu oxuyub. Məktubda qeyd edilir ki, bu park eyni tarixi və etnik kökləri, milli-mənəvi dəyərləri və adət-ənənələri olan iki dövlətin dostluq və qardaşlıq simvoludur.
Xatırladaq ki, 5,5 hektar sahəni əhatə edəcək parkda fəvvarələr, süni hovuzlar, açıq amfiteatr, uşaq meydançaları və digər əyləncə obyektləri yaradılacaq.