Biz bərpa işlərinə heç kimdən yardım gözləmədən start vermişik və bütün işlər plan üzrə gedir. Ona görə, siz Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etməlisiniz, onlarla görüləcək işlərin cədvəlini birgə tutmalısınız, hansı sahələr daha əvvəl təmizlənməlidir, yəni, burada da metodologiya var, dünya metodologiyası var, peyk təsvirləri var.
AZƏRTAC xəbər verir ki, bu tapşırığı Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən verib.
“Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir. Hesab edirəm ki, onları cəlb etmək işimizi yüngülləşdirmək üçün önəmli addım olacaqdır. Hesab edirəm ki, bununla paralel olaraq, yerli şirkətlər də yarana bilər. Çünki bizdə bu vaxta qədər belə təcrübə olmamışdır. Ancaq işin həcmini nəzərə alaraq, mən hesab edirəm ki, özəl şirkətlər yarana bilər, Azərbaycanın biznes dairələri burada öz sözünü deyə bilər və beləliklə, biz bu işləri daha qısa müddət ərzində görə bilərik”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident qeyd edib ki, bu özəl şirkətlər müvafiq texnika ilə təmin edilməlidir. Eyni zamanda, Minatəmizləmə Agentliyi onlara sertifikatlar da verməlidir, onlar akkreditasiyadan keçməlidir. Həmçinin xarici şirkətlərlə birgə müəssisələr də yaradıla bilər.