“Bizim həyət” layihəsi çərçivəsində Sabunçu rayonunda növbəti həyət abadlaşdırılıb

Avqustun 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 5, 7, 9 və 11 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 4 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib elektrik sistemi, qaz, su və istilik xətləri yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 280 ədəd müxtəlifcinsli ağac və minlərlə kol əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb.

Yaşıl sədlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə sədlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

Vətən müharibəsinin 19 yaşlı şəhidi Əkbər Hüseynovun anası Tahirə Hüseynova həyətlərinin abadlaşdırılmasına görə, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdarlığını bildirib: “Həyətin vəziyyəti heç ürəkaçan deyildi. Nə uşaqlar, nə də böyüklər üçün istənilən şərait yox idi. Hazırkı vəziyyət çox ürəyimizcədir. Uşaqlar üçün yaradılan şəraiti isə xüsusilə bəyəndim. Sağlam şəraitdə böyüyən uşaqlar gələcəkdə Vətənin keşiyində dayanacaq, müxtəlif sahələrdə xalqa xidmət edəcəklər. Odur ki, belə faydalı və xeyirli layihənin həyata keçirilməsinə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edirəm. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, “Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

ƏvvəlkiXırdalanda partlayış nəticəsində 20-dən çox mənzilə ziyan dəyib
NövbətiMirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək