BİZİM QÜDSÜMÜZ — XANKƏNDİDİR!

Həftənin ən yaddaqalan beynəlxalq hadisəsi: Qəzza Zolağında İsrailin çəkdiyi hasar zonasında azı 55 fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürülüb və 2700 nəfər yaralanıb, Fələstin rəsmiləri deyirlər.

BBC-yə görə, 2014-cü ildə Qəzza müharibəsindən bəri ən qanlı qarşıdurma hesab edilən bu hadisə ABŞ-ın Qüdsdə (Yerusəlimdə) mübahisəli səfirlik açmasından öncə başlayıb.

Fələstinlilər ABŞ-ın addımını İsrailə bütün şəhər üzərində nəzarətini gücləndirmək üçün göstərilən dəstək hesab edir.

ABŞ-ın Qüdsdə səfirlik açması İsrail tərəfindən alqışlanır, lakin fələstinlilər tərəfindən pislənilir. Şərqi Qüdsü gələcək paytaxtları sayan fələstinlilər son altı həftə ərzində Qəzzanın islamçı Həmas idarəçiliyinin rəhbərliyi altında “Böyük Qayıdış Yürüşü” adı altında kütləvi etiraz aksiyaları keçirdilər.

İsrail bildirib ki, etirazçılar sərhəd hasarını dağıtmaq istəyirlər. Bazar ertəsi öldürülənlər arasında uşaqlar var, azı 2700 insan yaralanıb, Fələstin rəsmiləri bildirib.

Fələstinlilər daş və alov bombalarından istifadə edirlər, İsrail hərbçiləri snayperlərdən istifadə edir. İsrail ordusunun bildirdiyinə görə, “zorakı üsyanlarda” 40000 fələstinli iştirak edib.

İsrailin baş naziri Benjamin Netanyahu hərbçilərini müdafiə edərək deyib ki, “hər ölkə öz sərhədlərini qorumaq hüququna malikdir”.

PROBLEMİN QISA TARİXİ

1993-cü ilin İsrail-Fələstin sülh razılığına əsasən, Qüdsün statusu sülh danışıqlarının sonuncu mərhələlərində müzakirə olunmalıdır.1967-ci ildən bəri İsrail Şərqi Qüdsdə 200 min yəhudinin məskunlaşdığı onlarla məskən inşa edib. Beynəlxalq hüquq İsrail tərəfindən həmin məskənlərin yaradılmasını qanunsuz sayır, lakin İsrail bu dəyərləndirmə ilə razı deyil.1980-ci ildə İsrail Qüdsü öz paytaxtı elan edən qanun qəbul edib. Hərçənd ki, bundan sonra, müxtəlif ölkələr səfirliklərini Qüdsdən çıxardılar. Hər il mayın 15-də, İsrail təsis edilən gündən bir gün sonra, fələstinlilər Fəlakət gününü qeyd edirlər. Həmin gün 1948-ci ildə yüz minlərlə insan öz yaşayış yerlərindən çıxarılıb və ya evlərini tərk etməli olublar.

ABŞ SƏFİRLİYİNİN AÇILIŞI

ABŞ-ın kiçik müvəqqəti səfirliyi bazar ertəsi artıq burada fəaliyyət göstərən ABŞ konsulluğu binasında işə başlayıb. Daha böyük sahə tapılandan sonra isə səfirliyin qalan hissəsi də Təl-Əviv şəhərindən Qüdsə köçürüləcək.

Qüdsdə ABŞ səfirliyinin açılış mərasimi ABŞ-ın İsraildə səfiri David Friedman-ın çıxışı ilə başlayıb. David Friedman səfirliyi rəsmən açıq elan edib: “Bugün, biz Qüdsdə Amerika Biləşmiş Ştatlarının İsraildə səfirliyini açırıq, – David Friedman deyib – ABŞ növbəti dəfə bu məsələdə birinci addım atan ölkə olaraq bu yolun önündə gedir”. Səfir prezident Trump-ın bu addımı atmaqla “cəsarət göstərdiyini” qeyd edib. Tədbirdə prezident Trump-ın video-müraciəti nümayiş olunub. Həmin müraciətində Trump vurğulayıb ki, “İsrail süveren dövlət olaraq başqa suveren dövlətlər kimi öz paytaxtını müəyyən etmək hüququna malikdir”.

Açılış mərasiminin tarixi İsrailin yaranmasının 70 illiyilə eyni vaxta düşməsi üçün qabağa çəkilib.Açılış tədbirində prezident Trump-ın müraciəti açıqlanıb. Tədbirə Ağ Evin müşavirləri qismində İsrailə gəlmiş İvanka Trump və Jared Kushner, eləcə də ABŞ Maliyyə naziri Steven Mnuchin və Dövlət katibinin müavini John Sullivan qatılıblar.

RƏSMİ REAKSİYALAR

Bir sıra ölkələr İsrailə etirazlarını bildirib. Küveyt “hiddət və kədər” ifadə edərək BMT Təhlükəsizlik Şurasını hadisələrin müstəqil araşdırma aparılmasına çağırıb, ancaq ABŞ buna maneə törədib. Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini və Böyük Britaniya məhdudlaşdırma çağırışı edib. Almaniya deyib ki, İsrailin özünü müdafiə etmə haqqı var, lakin bunu mütənasib şəkildə etməlidir. Fransa prezidenti Emmanuel Macron İsrail hərbçilərinin etirazçılara şiddət göstərməsini qınayıb. Ən güclü bəyanatlardan biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra’ad əl-Hüseyndən gəlib O, “onlarla insanın şok edici ölümünü və İsrail tərəfindən canlı atəş nəticəsində yüzlərlə insanın yaralanmasını” qınayıb. Cənubi Afrika Respublikası İsraildəki səfirini geri çağırıb və “İsrail hücumunu qınanyıb”.

Ağ Ev sözçüsü Raj Shah deyib ki, “faciəli ölümlər üçün məsuliyyəti Həmas daşıyır və Həmas belə bir cavabı qəsdən təhrik edir”. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Fələstin səfiri Riyad Mənsurun çıxışını dinləmək istəməyərək Təhlükəsizlik Şurasının iclasını yarımçıq tərk edib.

PƏRDƏARXASI OYUNLAR

İsrailin “İsrael a-Yom” qəzetinin yazdığına görə Misirin ümumi kəşfiyyat xidmətinin rəisi general Abbas Kamel İsmayıl Haniyənin arxasınca xüsusi vertolyot göndərib. Misirin güc strukturlarındakı mənbələrə istinad edən qəzet yazır ki, general Kamel əvvəlcə Haniyəni gözləməyə məcbur edib. Sonra onun üstünə qışqırıb, kobud formada tələb edib ki, Qəzza sektoru sakinlərini İsrailin təhlükəsizlik hasarlarından geri çəksin.

Misir kəşfiyyatının mənzil-qərargahında HƏMAS liderinə bildiriblər ki, əgər situasiya gərginləşməkdə davam etsə İsrail HƏMAS liderlərinin hamısını bir-bir nöqtə zərbələri ilə aradan götürəcək. Misir və digər ərəb ölkələri isə buna susmaqla razılıq verəcək, ancaq formal etirazlarla kifayətlənəcək.

Məlumata görə general Kamel situasiyaya ona görə müdaxilə edib ki, İsrail Qəzzadan yürüş edənlərə güzəştə getməyəcəyini çatdırıb. Bu isə ölənlərin sayının artmasına, anarxiyaya və zorakılıqların Misir ərazisinə də keçməsinə gətirib çıxaracaq.

Mayın 14-nə qədər İsrailin nəzarətində olan ərazilərə “Böyük yürüş”ə çıxanlar təhlükəsizlik hasarını tərk etmək və evlərinə dağılışmaq göstərişi alıb. Ertəsi gün yürüşə çıxanların sayı kəskin azalıb. Mayın 16-da isə gərginlik daha da səngiyib, ara-sıra toqquşmalar qeydə alınır.

Diqqət yetirsək görərik ki, ərəb dövlətləri gurultulu çıxışlardan o tərəfə getmirlər. Ərəblərdən daha ötəsi reaksiya verən Türkiyə oldu. İranın rəsmi dairələri də açıq neqativ münasibət sərgiləməkdədirlər. Çünki İran rəsmiləri anlayır ki, bütün bu oyunlar onlara rəğmən qurulmaqdadır.

AZƏRBAYCANIN REAKSİYASI

Fələstin hadisələri ilə bağlı İƏT-in çox güman ki, Türkiyə ərazisində, xüsusi iclası keçiriləcək. Burada da ABŞ və İsrail ünvanına kəskin çıxışların olacağı və qərarların qəbul edilməsi gözləniləndir. Amma çətin ki, İƏT ölkələri gurultulu çıxışlardan “o tərəfə” getsinlər.

Azərbaycan diplomatik tərzdə Qüdslə bağlı problemin sülh və danışıqlar yolu ilə həll edilməsini bildirir. Bu cür diplomatik mövqeni artıq müstəqilliyinin ilk günlərindən Azərbaycan sərgiləməkdədir.

Həm Türkiyə rəhbərliyinin az qala diplomatik əlaqələrin kəsilməsinə qədər tutduğu mövqe, həm də Suriya ilə bağlı İran rəsmi çevrələrinin İsrailə qarşı münasibətinin artan gərginliklə inkişafı Azərbaycan üçün siyasi müstəvidə geniş imkanlar açır. Digər müsəlman ölkələri ilə münasibətləri pisləşən İsrail üçün tolerant bir dövlət kimi hər hansı müsəlman ölkəsi ilə münasibətlərini qabartmaq lap yerinə düşə bilər. Bu baxımdan, Azərbaycan ən layiqli namizəddir.

Bizim İsrail ilə sıx əməkdaşlığımızın hər hansı bir dövlətə aidiyyatı yoxdur və bu münasibətlərin yüksək səviyyədə olması bizim milli və dövlət maraqlarımıza cavab verir. Biz fələstinlilərə, livanlılara irad bildirmirik ki, niyə torpaqlarımızın işğalı məsələsində bizə lazımi dayaq vermədiniz, əksinə, minlərlə fakt var: ermənilərin yanında oldunuz. Bu, fələstinlilərin və livanlıların öz daxili işidir.

Biz ərəb dövlətlərinə irad tutmuruq ki, niyə Fələstin və Qüds məsələsində gurultulu çıxışlardan o tərəfə getmirsiniz. Bu onların öz daxili işidir.

Biz İrandan soruşmuruq ki, niyə Azərbaycan müsəlmanlarının başına soyqırım və işğal müsibətlərini açmış “ermənistan” adlı ərazinin ayaq üstə durmasına şərait yaradırsan, onunla strateji əməkdaşlıq edirsən. Bu İranın daxili işidir.

Bizə irad tutanlar Türkiyədən nümunə götürsünlər. Nə Türkiyə bizə irad tutur ki, niyə İsrail ilə münasibətləri məhdudlaşdırmırsan, nə də biz rəsmi Ankaraya irad tutmuruq ki, sənin ərazindən keçən yük maşınları, İstanbul körfəzindən keçən nəhəng yük gəmiləri Gürcüstan ərazisinə çatır və “ermənistan” adlı əraziyə elə hey lazımi yükləri daşıyırlar.

Bizim işğal altında olan və Azərbaycan əsgərini gözləyən öz “Qüdsümüz” var və o, Bakıdan 500 km qərbdədir, adı da Xankəndidir!

Qarxunlu

“Millətçilik” qəzeti

ƏvvəlkiTürk ordusundan daha bir əməliyyat: 23 ölü
NövbətiMİLLƏTÇİLƏR LAÇIN ŞƏHİDLƏRİNİN RUHUNU YAD ETDİLƏR