BMT-nin Baş katibi Antoniu Quterreş Ümumdünya Ərzaq Günü ilə bağlı müraciət yayıb.
BMT-nin Bakıdakı nümayəndəliyindən “Report”a daxil olan müraciətdə deyilir:
“Ümumdünya Ərzaq Günü “Aclığa Son” məqsədinə çatmaq üçün qlobal çağırışdır. Bu məqsəd qidanın hər kəs üçün, hər yerdə əlçatan və müvafiq qiymətə olmasını hədəfləyir. Lakin bu gün 820 milyondan çox insan kifayət qədər qidalana bilmir.
İqlimlə bağlı fövqəladə vəziyyət ərzaq təhlükəsizliyi üçün artmaqda olan təhlükədir. Eyni zamanda iki milyard kişi, qadın və uşaq artıq çəki və ya piylənmədən əziyyət çəkir.
Qeyri-sağlam qidalanma xəstəlik və ölüm riski daşıyır. Dünyada hər il 1 milyard tondan çox ərzağın israf edildiyi bir dövrdə aclığın artması qəbuledilməzdir.
İstixana qaz emissiyalarını azaltmaq da daxil olmaqla, istehsal və istehlak modellərini dəyişməyin zamanı gəlib. Ərzaq sistemlərinin islahatı bütün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün çox əhəmiyyətlidir. Məhz buna görə də mən, 2021-ci ildə Ərzaq Sistemləri Sammitini təşkil etməyi ümid edirəm. Bu, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində Fəaliyyət Onilliyi çərçivəsinin bir hissəsidir.
Bir insan övladı olaraq aclıqdan azad bir dünya bizim üçün mütləqdir”.