Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı mənzil-qərargahında qapalı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəzzada baş verənlərdən, oktyabrın 7-dən bu yana 6-cı dəfə toplanan BMT Təhlükəsizlik Şurası yenə də razılığa gələ bilməyib.
Belə ki, iclasdan sonra mətbuata açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud hələ razılığın əldə olunmadığını deyib. Vud bildirib ki, iclasda münaqişədə humanitar fasilə məsələsi gündəmə gətirilib, lakin Şura qarşısında bu məsələ ilə bağlı hələ də müxtəlif fikirlər var.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung isə xəstəxanalara, qaçqın düşərgələrinə və BMT obyektlərinə hücumları müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasını topladıqlarını bildirib. Qəzza zolağında 10 mindən çox fələstinlinin ölməsini “humanitar böhran” olaraq xarakterizə edən Zhang Qəzzada heç kimin təhlükəsiz olmadığını bildirib. Zhang vurğulayıb ki, bu dəhşətli vəziyyət qarşısında BMT Təhlükəsizlik Şurası təcili olaraq qətnamə qəbul etməli və humanitar atəşkəs yaratmalıdır.
Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəsi Lana Nuseybe bütün Şura üzvlərinin sahədəki humanitar vəziyyətin ciddiliyindən xəbərdar olduqlarını ifadə edərək, “Onlar münaqişələr davam etdikcə vəziyyətin daha da pisləşəcəyinin fərqindədirlər” deyib.
Humanitar vəziyyəti yaxşılaşdırmaq və can itkisini dayandırmaq üçün ümumi konsensus olduğuna diqqət çəkən Nuseybe əlavə edib: “Bizim prioritetimiz həyatları xilas etməkdir”.