Noyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını vurğulayıb.
İordaniyanın xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhün təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.