BÖLGƏDƏ YENİ SİYASİ OYUN: GÜNEY

Musavat.com saytının verdiyi xəbərə görə, sentyabrın 24 və 25-də Nyu Yorkda səfir Mark Valesin təşəbbüsü ilə “İranın gələcəyi” adlı forum keçirilib. Toplantıya İranda yaşayan milli azlıqların mühacir təşkilatları qatılıb. Toplantıya 1979-cu il İran İslam İnqilabə nəticəsində devrilən Pəhləvi xanədanının tərəfdarları da qatılıb.

ABŞ-ın İRANA MESAJI

Yığıncağı açan Mark Vales İranın dünyanın bir çox ölkələri ilə problemlər yaşadığını bu problemlərin əsasında insan hüquq və azadlıqlarının dayandığını vuğrulayıb. Onun sözlərinə görə, bu toplantı ABŞ-ın İranda yaşayan milli azlıqların və hakimiyyətin baxışlarını bölüşməyənlərin həyəcan təbilinə səssiz qalmayacağının göstəricisidir.

Daha sonra kürsüyə ABŞ prezidentinin müşaviri, Nyu York meri Rudi Culianı dəvət edilib. Çağdaş dünyada insan azadlığının çox dəyərli olduğunu bildirən R.Culianı İran hakimiyyətini sərt tənqid edib: “Tehran ölkədəki mill azlıqların bütün hüquq və azadlıqlarını məhdudlaşdıraraq fars ağırlıqlı hakimiyyət formalaşdırıb. 1979-cu il inqilabından sonra başlanan bu proses İranda insan haqlarının çox kobud şəkildə pozur və hər keçən gün durum bir qədər də kəskinləşir. Sivil dünya bu prosesi dayandırmalıdır”.

Milli azlıqlarla yanaşı qadınların, cinsi azlıqların problemləri haqqında danışan Rudi Culiani Avropa dövlətlərinə, xüsusən Fransaya çağırış edib: “Bu gün İranda insanlar dini baxışlarına görə həbs edilir, edam olunur. Qadınlar hüquqsuz vəziyyətdədirlər. Hakimiyyətlə fərqli düşünən bütün kəsimlər davamlı təqib, həbs, edam təhlükəsi altında yaşayırlar. Mən Avropaya, xüsusən Fransaya səslənirəm – İranla işbirliyini kəsin. Bu gün Fransa iş adamları İranda çalışır. Sizin ora xərclədiyiniz 1 dolların ən azı yarısı məsulmarın qətlinə yönəlir. Buna vicdanınız necə yol verir? Bu gün dini lider qiyafəli Tehran rejiminin əsl simasını görmək üçün hər il İrandakı edam cəzalarına baxmaq yetərlidir. Onların bu mənəviyyata və hüquqa sığmayan əməllər üçün sivil ölkələrdən dəstək alması çox utancvericidir. Demokraik dünya bu qanunsuz, mənəviyyatdan və hüquqdan kənar prosesi dayandırmalıyıq. Biz İranda dinlə dövlətin ayrılmasını, bütün millətlərə bərabər hüquqlar tanıyan demokratik düzən qurulmasının tərəfdarıyıq”.

İrandakı milli azlıqlara səslənən Rudi Culianı onları öz haqları uğrunda ardıcıl mübarizəyə çağırıb:“2018-ci ildən bugünə qədər İranın ayrı-ayrı şəhərlərində 200-dən çox etiraz aksiyası keçirilib. İran qapalı ölkə olduğu üçün biz aksiyaların motivləri haqqında İnsanlar artıq bu şərtlər altında yaşamaq istəmirlər. Onlar necə bir təqiblə üz-üzə olduqlarını dərk edərək, ölümlərini gözə alaraq meydanlara çıxırlar. Bu da onların nə qədər çarəsiz olduğunu göstərir. İranın Səudiyyəyə hücumlarının arxasında da dünyanın diqqətini daxili problemlərindən yayındırmaq cəhdi dayanır. Ancaq bütün bunlar əbəsdir. Birləşmiş Ştatlar İranla bağlı yeni sanksiyaları gündəmə gətirir. Biz İran iqtisadiyyatının qısa zamanda daha 6 faiz zəifləyəcəyini proqnozlaşdırırıq. Avropa bu məsələdə bizə dəstək versə, bu azalma 15 faizə çata bilər. İranda 17 yaşlı uşaqlardan işgəncə ilə ifadə alınır və sonra onlar edam edilir. Fransanın belə bir rejimlə iqtisadi münasibətlər qurmasını anlamıram və rəsmi Parisi Tehranla bütün iqtisadi münasibətləri kəsməyə çağırıram”.

İrandakı milli azlıqlar içərisində ilk söz türklərə verilib. İnsan haqları müdafiəçisi və Azərbaycan Mərkəz Partiyasının başqanı Saleh Kamrani təmsil etdiyi qurumun İranın gələcəyi ilə bağlı baxışlarını açıqlayıb:“Bu kürsüdən dünyaya Güney Azərbaycan Demokratik hökuməti adından səslənirəm. Azərbaycan türkləri İranın ən böyük etnik qrupu olsa da heç bir milli hüquqa sahib deyil. İran İslam inqilabından sonra biz İrandakı digər xalqlarla bərabər bütün milli haqlarımızdan məhrum olmuşuq. Tehran bizi idarəetmədən uzaqlaşdırıb, dilimizi, milli kimliyimizi əlimizdən almaq üçün ardıcıl siyasət həyata keçirib. Bu gün Güney Azərbaycanda yaşayan türklərin ən böyük arzusu ana dilində təhsil almaqdır. Türklər kimi, kürdlər, yəhidilər, bəluclar, ərəblər, bəhailər də sıxışdırılır, heç bir haqq və hüquqları qorunmur. İsraili yer üzündən silməyi qarşısına məqsəd qoyan İran hətta bu ölkə ilə münasibətləri məsafəli saxlaması üçün Azərbaycan Respublikasında da basqı göstərir”.

Saleh Kamrani bildirib ki, yalnız şiəliyə dayanan rəsmi Tehran bölgədə dini zəmində konfliktlər yaradır, Türkiyə dövləti daxil regionun bir çox ölkələrini təhdid edir: “Bu gün İranda qadınlar kişilərin mülkiyyəti sayılır. Milli düşüncəli insanlar, öz haqqını tələb edənlər həbs, edam edilir. İşsizlik, ayrı-seçkilik insanların həyatını məşəqqətə çevirib. Güney Azərbaycanda etiraz dalğası getdikcə böyüyür və hesab edirəm ki, dünya Azərbaycan türklərinin bağımsız, demokratik dövlət qurmaq fikrini qəbul etməlidir. Azərbaycan türkləri İranın demokratikləşməsi üçün azaqlıq mücahidi olmağa hazırdır”.

Saleh Kamrani sonda diqqəti İran rejiminin dünya ilə dialoqu kəsməsinə yönəldib: “İran region üçün, dünya üçün təhdidə çevrilib. Bununla belə rəsmi Tehran həm daxildə, həm xaricdə bütün dialoq təkliflərini rədd edir. İranda yaşayan bütün milli azlıqlar kimi biz Azərbaycan türkləri bu şərtlər altında yaşamaq istəmirik və İranda azad, demokratik yönətim qurulana qədər mübarizəmizi davam etdirəcəyik. Biz hesab edirik ki, dünya İranda yaşayan xalqların öz müqəddəratlarını təyinetmə haqqını tanımalıdır”.

MÜHACİRƏTDƏ ANTİ-TÜRK İRAN MÜXALİFƏTİ

Məlum toplantıya İrandakı molla rejiminə qarşı Avropa və ABŞ-da fəaliyyət göstərən müxalif qüvvələr toplaşmışdılar. Onlar içində mərkəzi ofisi Parisdə yerləşmiş İran Müqavimətinin Milli Şurası/İMMŞ (the National Council of Resistance of Iran/NCRI), İran xalqınını müctəhid təşkilat/İXMT (The People’s Mojahedin Organization of Iran/PMOI/MEK), İran-Amerika icmaları təşkilatı/İRİT (the Organization of Iranian-American Communities/OIAC) təmsil olunmuşlar. Bu təşkilatlatlar içində xüsusi ilə İXMT seçilir. Onun İranda güclü casus və terror şəbəkəsi vardır. Təşkilat İrandakı molla rejiminə qarşı silahlı mübarizə tərəfdarıdır. Təşkilat qətiyyən şah rejiminin bərpası ideyasını rədd edir, fars sosialist millətçiliyi ideyasını təbliğ edir.

İMMŞ və İRİT isə, güclü maliyyəyə, İranda hətta yüksək dairələrdə gizli əlaqələrə malik təşkilatlardır. Xüsusi ideyaları yoxdur, tərəfdarları əsasən molla rejiminə qarşı fars demokrat millətçiliyi və ya demokratik parlament idarəçiliyi olan şah rejiminin bərpası ideyası mövqeyindədirlər.

Mühacirətdə olan bu İran müxalifət qüvvələri milli azlıqlara münasibətdə bol vədlər verirlər ki, gələcək İranda milli, dini və etnik azlıqlara muxtar hüquqlarla onları təmin edəcəklər. Onların fəaliyyətinə diqqət yetirdikdə görə bilərik ki, mühacir farsçı qüvvələr əsasən sünni farslar, bəhayilərlə, milli azlıqlar içində kürd, bəluc, ərəblərlə işbirlyindədirlər. Nə üçün? Çünki bu milli qüvvələr mütəşəkkildirlər, İran daxilində etiraz dalğasını qaldırmaq imkanları var, geniş informasiya şəbəkəsinə malikdirlər və həmçinin, silahlı mübarizə aparmaq qabiliyyətindədirlər. Həmçinin, bu qüvvələr müəyyən ölkələrin siyasi dairələri tərəfindən himayə edilirlər.

Güney azərbaycanlıların milli hərəkatına gəldikdə isə, yuxarıda qeyd edilmiş farsçı müxalif mühacir təşkilatları onları ən çoxu, zəif bir qüvvə hesab edirlər. Həqiqət naminə deməliyik ki, Güney Azərbaycan hərəkatı dağınıq, hər hansı bir ölkənin dəstəyindən məhrum, təşkilatlanmamışdır. Güney azərbaycanlıların milli özünüdərki də hələ heç minimal səviyyədə deyil; Güney Azərbaycanda ermənilər az qala Qarabağda törətdiyi cinayətləri açıq təbliğ edirlər, çünki bilirlər ki, güneylilərdə Azərbaycan təəsübkeşliyi maksimal olaraq stadionlarda şüar deməkdən o tərəfə getmir.

Sadəcə olaraq ABŞ-ın siyasi dairələrinin İrana qarşı tədbirlərində farsçı qüvvələr Güney azərbaycanlı milli fəallarla “xala xətrin inciməsin” prinsipi ilə bir yerdə olmağa razıdırlar. Digər tərəfdən, ABŞ siyasi dairələrinin münasibəti də Güney Azərbaycan fəallarını bu cür toplantıda “fon”, akt zalını doldurmaq xatirinə dəvət etmələri təəssüratını yaradır.

TƏHLÜKƏLİ OYUNLAR

ABŞ XX və XXI əsrdə öz rəqiblərinə qarşı milli hərəkatlardan istifadə etmişdir. Amma bu milli hərəkatların hansının istədiyinə nail olması sual altındadır. Hər halda Güney azərbaycanlıların hüquqlarının maksimal təmini anqlo-sakson siyasi çevrələrinin planlarında çətin ki, olsun.

Təsəvvür edək ki, İran zəiflədi və orada Güney Azərbaycan xüsusi status aldı. Avtomatik bu o deməkdir ki, Güney Azərbaycan Türkiyənin təsir dairəsini gücləndirəcək. Bu isə, Qərbin, xüsusilə anqlo-sakson mənafelərinə ziddir. Anqlo-sakson qüvvələrinin əsas məqsədi İranda hakimiyyətə Qərbin tərəfdarı olan fars millətçi demokratlarının gətirilməsidir.

Amma hər halda biz bir balaca qüvvə kimi ABŞ-ın planlarında təmsil olunmağa məcburuq. Çünki rus qüvvəsinə qarşı bizim əlimizdə balans kartı olmalıdır. Həm də, anqlo-sakson qüvvələri ilə hesablaşmaq lazımdır.

Vaxtilə, anqlo-sakson siyasi dairələrinin alman təsir agenti olan Ernst Hanfştanql Almaniyada anti-rusiya, anti-kommunist, irqçi ideyalı xırda bir əyalət partiyasının kasıb rəhbəri Adolf Hitleri himayəyə götürür. Onun partiyasının hakimiyyətə gəlməsində və maliyyələşməsində Ernst Hanfştanql böyük rol oynayır. O, daim Hitlerə dünya siyasəti barədə xüsusi məsləhətlər verirdi. “Dünyanın maliyyə və siyasi qüvvəsi ABŞ-dadır. Əgər ABŞ-a qarşı çıxış etsən, sən nə qədər haqlı və mübariz də olsan, ədalət sənin tərəfində belə, olsa, mütləq məğlub olacaqsan” – deyə E. Hanfştanql bu alman siyasətçisinə məsləhət verirdi. Ernst Hanfştanql xatirələrində yazırdı ki, “şagirdi” onu dinləsə də, sonradan onun məsləhətlərinə əməl etmədi və özünü, alman xalqını və Almaniyanı uçuruma apardı…

Qarxunlu

“Millətçilik” qəzeti

ƏvvəlkiAzərbaycan məhsulları Çindəki idxal sərgisində nümayiş olunacaq
Növbəti“Qafqaz Qartalı – 2019” təliminin növbəti mərhələsi icra olunub