Bolqarıstanda öldürülən jurnalistin qatili Almaniyada yaxalanıb

Bolqarıstan şimal-şərqindəki Rusçuk şəhərində oktyabrın 6-da öldürülən jurnalist qadın Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxs Almaniyada həbs olunub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Bolqarıstanın Baş naziri Boyko Borisov, baş prokuror Sotir Tzatzarov və daxili işlər naziri Mladen Marinovun birgə keçirdikləri mətbuat konfransında cinayətkarın 21 yaşlı Severin Krasimirov olduğu açıqlanıb. Verilən məlumata görə, jurnalist Viktoriya Marinova Tuna çayı sahilində hücuma məruz qalıb.

Krasimirovun keçmiş boksçu olduğu və hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Baş nazirin sözlərinə görə, aparılan testlər qətlin Krasimirov tərəfindən törədildiyini tam təsdiqləyir.

Baş prokuror bildirib ki, hazırkı mərhələdə Viktoriya Marinovanın öldürülməsinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu demək mümkün deyil və istintaq bütün versiyaları nəzərdən keçirir. “Hazırda əldə edilən dəlil-sübutlar göstərir ki, qurbana hücum anidən baş verib və məqsəd seksual təcavüz olub”, – deyə baş prokuror qeyd edib.

Otuz yaşlı Viktoriya Marinova regional TVN televiziyasının administrativ direktoru və aparıcısı idi.

ƏvvəlkiViktoriya Marinova
Növbətikataklizm