Böyük Britaniya Polşada hava hücumundan müdafiə sistemi yerləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Polşa Mətbuat Agentliyi (PAP) yayıb. Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Polşaya səfəri zamanı bu barədə razılıq əldə edilib. O, mətbuat açıqlamasında bildirib ki, Böyük Britaniya müdafiə imkanlarını gücləndirmək üçün müttəfiq Polşada özünün “Sky Saber” orta mənzilli hava hücumundan müdafiə sistemini yerləşdirəcək. Ben Uolles, həmçinin Böyük Britaniyanın Polşaya əlavə 100 əsgər göndərəcəyini açıqlayıb.
Polşanın müdafiə naziri Mariuş Blaşak isə bildirib ki, Polşa illərdən bəri ölkənin şimal-şərqində Britaniya əsgərlərinə ev sahibliyi edir və onlar NATO-nun şərq cinahının təhlükəsizliyini qoruyurlar. Eyni zamanda qeyd edilib ki, Böyük Britaniya Polşaya öz raketdən müdafiə sisteminin yaradılmasında dəstək göstərəcək.
Fevralın 24-dən etibarən NATO şərq cinahını sürətlə gücləndirməyə başlayıb.