2020-ci ildə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 3,2 milyon ABŞ dolları vəsait xərcləyib.
Bu barədə “Report”a “BP-Azərbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, bundan əlavə, 2020-ci ildə təkcə BP ölkədə müxtəlif sosial və sponsorluq layihələri çərçivəsində 4,2 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Azərbaycanda BP şirkətində 2 400 nəfərdən çox milli kadr işləyir və bu da, şirkətin ixtisaslı işçilərinin 90 %-ini təşkil edir.
Xatırladaq ki, BP şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorluğunu təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək, BP öz tərəfdaşları ilə birlikdə ölkədə operatorluq etdiyi layihələrə 78,5 milyard ABŞ dollarından artıq sərmayə qoyub.
“Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük. Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz müsbət təsirə malik olub və insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib”, – deyə şirkətin məlumatında deyilir.
Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 94 milyon ABŞ dollarından çox vəsait xərcləyib.