Brilyant Atəş ömrü – poeziyanın dili ilə

Bu düşüncələrimi bilgisayarın yaddaşına köçürməyə başladığım anda səsinə vurulduğum Nərminə Məmmədovanın həzin səsində telekanalların birində “Pıçıldaşın, ləpələr” mahnısı hisslərimə hakim oldu. Bunu yazının uğurlu olacağına əlamət bildim. Hər əlamətə inanmasam da, musiqinin ilahiliyi məni məndən alıb inandırdı.

Mən həm də bu ədəbi təhlilimi dörd kitab müəllifi, pedaqoq, filoloq, şair Brilyant Atəşin “Nənəmin kəlağayısı” kitabındakı şeirlərin təbiiliyinə və səmimiliyinə inandığım üçün yazıram.

Necə də uğurlu ad və təxəllüsdü. Brilyant və Atəş. Bunlar qol-boyun olub brilyant kimi qiymətli və saf, atəş kimi isti, müqəddəs poetik nümunələrin yaranmasına vəsilə olub.
Onun şeirləri özü kimi səmimidi, duyğularını həzin-həzin ləpələrin ana dənizin qulaqlarına pıçıldadığı kimi pıçıldayır, daşların arasından işıqlı dünyaya can atan büllur bulaq kimi zümzümə edir. Elə ki, haqsızlıq görür, həqiqətə dil uzadanlara, haqqı nahaqqın ayağına yazmaq istəyənlərə rast gəlir, necə deyərlər, üzü dönür, mülayim Atəş, alov dilləri ərşə çıxan tonqala dönüb həqiqət işığından qorxan yarasalara, bayquşlara qənim olur. “Meydan sulayan qoçulara, yaltaqlara, xalqın qanını soran zalımlara, torpağı biznes edənlərə, qansızlara, vicdansızlara” meydan oxuyur – lap Ərəbzəngi kimi.
Onun lirik duyğuları ləpə kimi mülayim, dalğa kimi haraylıdı.

Nə tökürsə qələm gözdən, vərəq çəkir köksünə,
Sən yazdıqca bu dünyada hər şey gedir əksinə.
Yazıq millət bu həyatda nə yatdı, nə diksinə,
Balıq başdan iylənəndə yaltaq sular bulayır,
Zalım xalqın qanın sorur, qoçu meydan sulayır.

Yazdıqları söz adamının ədəbi kimiliyidir, sözlə çəkilmiş avtoportretidir. Söz adamının kim olduğunu onun yazdıqları kimi dəqiq bildirən ikinci bir tanıtım testi tanımıram. Süni bəzək-düzək, saxta təbəssüm qəlp adamın içindəkiləri o an necə həndəvərindəkilərə faş edirsə, söz də elədir, sözə xəyanəti heç vaxt bağışlamır.

Brilyant xanım həmişə, hər yerdə özüdür. İnsanlığı, diqqəti, sözə dəyəri, məsuliyyəti ilə. O, haqqı danmır, sözünü də. Söz onun mənəvi övladıdırsa, “dünyaya Haqla qoşa gəlibsə”, necə dansın, niyə dansın? Axı o, anadır. Övladına nəvazişini əsirgəməyib, mənəvi balasına da. “Daş kəsən, baş kəsən, savaş kəsən sözü ucuzlaşmağa, ucalıqdan enməyə qoymayanlar bircə söz sarıdan acdılar”.

Göylərin buludu gözümə dolub,
Çoxu daldalanıb izimə dolub.
Ən gözəl fikirlər sözümə dolub,
Vərəqə tökülən ləlmi, incimi?

Brilyant xanımın yaradıcılığının bir özünəxas bir cəhətini də vurğulamaq yerinə düşər. O, çox yazarlardan fərqli olaraq şifahi xalq ədəbiyyatını, folkloru, klassik aşıq sənətini, ana dilimizi, kənd həyatını mükəmməl bilir. Onun təcnisləri, qıfılbəndləri, müxəmməsləri, dodaqdəyməzləri, divaniləri, deyişmələri mükəmməl klassik aşıq ədəbiyyatı nümunələri səviyyəsindədir.

Cümşüd Əlinin qıfılbəndinə cavabı bunu təsdiqləyir:

Cümşüd Əli:
Şair dostum, o nədir ki, cavab ver,
Kökü göydə, budaqları sallanır.
Nə bulaqdır, çeşməsindən süzülən,
Gah acıdır, hərdən isə ballanır.

Brilyant Atəş:
Şair qardaş, eşit deyim düzünü,
O Günəşdir, budaqları sallanır.
Məhəbbətdir, çeşməsindən içirsən,
Gah acıdır, gah da eşqdən ballanır.

Və bir də:

İlahi, yazanda gözəl yazasan,
Bəyaz qarı qışa, gülü yaza san.
Atəşəm, diləyim, sən də yaz asan,
Arzular birləşsin, gedək o yana.

Brilyant Atəşin lirik duyğularından tapdığım ləl və incilərlə onun kimliyini sözsevərlərə tanıtmaq istəyirəm. Belə tanıtım, məncə daha obyektiv, daha inandırıcı və əyani olar. Bilirəm ki, həssas oxucunu aldatmaq mümkün deyil. Heç vaxt aldatmaq fikrinə də düşməmişəm. “Düzlük ən yaxşı biclikdi” mənim də məsləkim, məramımdı.

Düzlükdən imarət qurasan gərək,
Sözü məqamında vurasan gərək.
Haqqın arxasında durasan gərək,
Yoxsa ki, qəflətdə qalmaq kimidi.

Keçək mətləbə…
Brilyant Atəş kimdir? Qoy bunu onun misraları desin.
“Mən dəryayam, sinəm doldu dalğadı”.
“Mənbəyi qurumaz axar çayam mən”.
Sinəsindəki şahə qalxan dalğalar, kövrək pıçıtılı ləpələr, axarlı yaşantılar onun könül çırpıntıları, ədalətsizliyə üsyanı, azadlıq himnləridi.

Brilyant Atəşin ömür yolu:
“Mən bir sönməz Atəş olub hər an zordan çıxmışam”.
“İmana sığındım, Haqqı danmadım”.
“Yaxşıya sarayam, zalıma goram”.
“Haqqı bürmələyib nahaqqa satmaq,
Zülməti nur üstə salmaq kimidi”.

Bircə onu qeyd edim ki, Brilyant xanımın şeirlərində “Haqq” sözünün birinci hərfi həmişə böyük yazılır. Bu Haqqın Brilyant Atəş meyarıdı. Haqqa tapınmaq ucalıqdı.

Brilyant Atəşin mücadilə yolu:

“Keçmişi kök bilib sabaha çatmaq”.
“Dilim Haqq danışar, heç vaxt kiriməz”.

O, Babək, Nəsimi, Sabir, Cavid, Hadi yolunu əzbər bilir, bu yolu şagirdlərinə də öyrədib. O, özü bu yola laqeyd qala bilərmi? Axı müəllim işıq mənbəyidir, zülmətin düşmənidi.
Şair xanım nə qədər çağdaş fikirli olsa da, bir o qədər milli ruhludu, keçmişə bağlıdı.

Brilyant Atəşin həyat eşqi:

“Qəfəsdə yaşamaq ölmək kimidi”.
Bunu şərh eləməyə nə ehtiyac?!
Brilyant Atəşin duası:
“Bir Allah yetirsin yoxsulun payın,
Naqisin, nankorun azaltsın sayın”…
“Dünyamız qorxusuz ola”…

O, bu xalqın xanımıdı, öyrədənidi, gənc nəslin zəkasını nurladandı, anadı, nənədi. Bilirik ki, anaların duaları müstəcəb olur. Amin deyək.
Brilyant xanımın arzusu:

“İgidi el öysün, özü öyməsin”.
“Qəddimi yaş əysin, Allah əyməsin”.

Bu məğrurluq, ucalıq, üzüağlıq, təvəzökarlıq yoludur. Bu yolu gedənlərin maddi “varı qurtarsa da, etibarı qalır”. El öyən igidlərimiz 44 günlük müharibədə düşmənin dizini qatlayıb “dəmir yumruq”la, dişiylə, dırnağıyla otuz ildən çox doğmalarının yolunu həsrətlə gözləyən torpaqlarımızı azad etdilər. Elin öydüyü igidlər – Brilyant Atəşin “Mübariz”, “Nurdadı”, “Şəhid oğulun anasını qarşılaması”, “Bir şəhid balamızın dilindən” və digər şeirlərinin qəhrəmanlarıdır, müdrik fikir şairimiz Bəxtiyar Vahabzadənin təbiriylə desək, Vətən torpaqlarına azadlıq toxumu əkənlərdi.

Brilyant Atəşin xalqımızın nənələrinin ulu nənəsi Tomris, Nüşabə kimi düşmənə ciddi qadağası:

“Özgə torpağında at sürmək olmaz!”
Ulu Türkün kişisi üçün də, xanımı üçün də torpaq, ana, at ən müqəddəs varlıqlardır.
Brilyant Atəşin dünya malından doymayanlara qəti xəbərdarlığı və qandırması:
“Axırda bir ağda qalacaqsan, ha…
Əriyib bir torpaq olacaqsan, ha…”

Vətən torpağı olmaq ilahi işdi. Vətən oğlu Musa Yaqub “öləndə qoynunda qoy ölüm ki, mən, çürüyüm bir ovuc torpağın artsın” amalı ilə yaşadı. İndi də doğma Buynuzun köksündə müqəddəs qala kimi möhkəm dayanıb, torpağı ilahiləşdirib.

Brilyant xanım düşünür ki, acgözləri, dargözləri, dünya malına qul olanları torpaq qoynuna çəkmək istəməz ki, qucağı çirklənməsin.
Brilyant Atəşin ana, nənə nəsihəti:
“Bədəni göstərən tüldən uzaq dur”.

Bu bu günümüzdən nigaran bir Azərbaycan anasının, nənəsinin həyəcan siqnalıdır. Mənəvi dəyərlərə laqeyd münasibətin gündən-günə qol-budaq atdığı, abır-həyanın gərəksiz əşya kimi kənara atıldığı dövrə gəlib çıxmışıq. Artıq bizim bəzi xanımlarımızın soyunmaqda, lüt-üryan gəzməkdə, bədənini nümayiş etdirmək üçün dəridən, qabıqdan çıxmaqda tayı, bərabəri yoxdu. İnanın, Avropadakılar bu qədər əndazəni aşmayıblar. Analar, nənələr, küçəyə çıxan, barlarda gecələyən, intim yerlərini utanmadan göstərməklə fəxr edən, əxlaq normalarına kinayə ilə yanaşan qız övladları böyütmək baş ucalığı gətirmir. Mənəviyyat ölümə doğru gedirsə, onu diriltmək mümkün olmayacaq. Mənəviyyatsızlıq ən ucuz ölümdür. Böyütdükləriniz gələcəyin anası olacaqmı? Bax, budur əsas məsələ!..
Brilyant Atəşin kəlağayı və qara papaq dəyəri və həqiqəti:

“Abır-həya təcəssümü, mərdliyin vuran qoludur…
Cana gəlir örtüləndə, qoyulanda dürüst başa,
Nənəmin kəlağayısı, babamın qara papağı”.

Brilyant Atəş milli mənəvi dəyərlərə bağlı Azərbaycan xanımıdır. O, başı kəlağayılı nənələrin, anaların, qara papağı başında qeyrətlə daşıyan babaların, ataların övladıdı. Özü də bu gün min illərdir nənələrimizdən miras qalan kəlağayını başına tac edir. Güllü Eldar Tomarlının sədr olduğu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin fəal və yorulmaz üzvlərindəndir. Birliyin və Güllü xanımın yaratdığı şəxsi “Kəlağayı Muzeyi”inin layihəsi əsasında düzənlənən “Sazlı, Sözlü Kəlağayı Günləri” tədbirlərində rəfiqələri ilə birgə qədim ipək baş örtüyünü təbliğ edir, tanıdır – əməliylə, sözüylə. “Qəmli kəlağayı” şeiri nənənin şəhid nəvəsinin nişan xonçası üçün aldığı kəlağayının taleyindən bəhs edir. Nişanlı el gözəlinə qismət olmayan həmin kəlağayı qarşısında qızlarımız sədaqət andı içib sevdiyi oğlana, səadətinə qovuşmalıdırlar. Onda ailə münasibətlərinə daha ciddi yanaşarlar, ocaq kimi onu qoruyarlar. İndi həmin kəlağayı Güllü xanımın muzeyində özünə etibarlı yer tapıb. Sədaqət andı içmək üçün bir müqəddəs yer də o muzeydir.

Brilyant Atəş dünyaya meydan oxuyur:
“Keçmədim heç zaman dişinə, dünya”.
Həyat mübarizləri sevir. Əbu Turxana görə, ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. Eşqiniz tükənməsin, Brilyant xanım. “Şairin qabiliyyəti və istedadı xaosdan harmoniya yaratmaqdır” (Aleksandr Blok). Harmoniya həyatın nüvəsidi, yaşam stimuludu.

Brilyant Atəşin sözsevərlərə minnətdarlığı:
“Atəşi oxuyub qanana qurban”.
Kitabın, uğurlu, müdrik sözün dəyərinin azaldığı çağdaş zamanda Brilyant xanımın söylədiyi həqiqət narahatlığa tam əsas verir. Kitabı oxuyub, ondan aldığı mənəvi qazanca görə oxucu söz adamına təşəkkür etmək əvəzinə, söz adamı oxucuya qurban olmağa hazırdı. Doğrudan da, “çərxi-fələk tərsinə dövran edir indi”. Uca ruhun qarşısında baş əyirəm, ey böyük, uzaqgörən Sabir!

Brilyant Atəş mənəvi övladlarından nigarandır:
“Səni əzizləyib de kim olacaq,
Ən axırda yiyən, şeirim mənim?”
Həqiqi sözün aşiqləri yiyə duracaq, şair xanım.
Brilyant Atəşin vəsiyyəti:
“Məni bir çinartək yol üstündə ək”.
Sözüylə, şəxsiyyətiylə sözü məğrur çinar kimi ucaldanlar ölməzdir, Brilyant xanım…

Vaqif Osmanlı

ƏvvəlkiLalə İsmayıl mənəvi dünyamıza yeni töhfə
NövbətiVaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib