Brilyant Atəş – bu ad mənim üçün çox doğma, çox əziz bir insanın varlığını ifadə edir.Brilyant Atəş mənim üçün adının, sözünün, əməlinin haqqını verən dəyərli bir söz adamıdır. Onunla tanışlığımız 3 il öncə bir vatsap qrupu vasitəsilə oldu. Sonralar qrupumuz öz ətrafına bir çox dəyərli söz adamlarını toplayaraq “Nur ocağı” ədəbi-bədii məclisi kimi fəaliyyət göstərməyə başladı. Beləliklə bizim Brilyant müəllimə ilə sıx dostluq və səmimiyyətimizin əsası qoyuldu.
Onu qeyd etməliyəm ki,Brilyant Atəş illərin zəhmətini çiyinlərində daşıyan fədakar bir ana,ailə başçısı, ziyalı bir Azərbaycan xanımı,zəhmətkeş bir pedaqoqdur.İllərini,ömrünün ən enerjili vaxtlarını ailəsinə,övladlarına,təhsil verdiyi yüzlərlə şagirdlərinə həsr etmiş bu xanım uzun illər yaradıcılıqdan uzaq qalmış,bir növ öz yaradıcı dünyasını arxa planda saxlamışdır. Onun “Nur ocağı “ədəbi-bədii məclisində fəaliyyəti onun yaradıcılıq imkanlarının aşkara çıxıb geniş oxucu kütləsinə əlçatan olmasında önəmli rol oynamışdır.
Brilyant Atəş hal-hazırda Mirvarid Dilbazi poeziya məclisi ictimai birliyinin fəal üzvlərindəndir.Və birliyin bir çox tədbir və layihələrində yaxından iştirak edir və kəlağayımızın daha geniş təbliği sahəsində Güllü Eldar Tomarlıya yaxından dəstək olur.
27.05.2024-cü il tarixində Brilyant Atəşin Mirvarid Dilbazi poeziya məclisinin təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş “Nənəmin kəlağayısı” kitabının təqdimat mərasimi keçirildi. Kitab müəllifin sayca dördüncü kitabıdır.Tədbirin təşkilatçısı Güllü xanım Tomarlı Brilyant Atəş yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirdə Vaqif Osmanlı, Ötkəm Eltac, Səadət Buta, Sehran Süleymanova və bir çox yaradıcı insanlar öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb Brilyant Atəşin yaradıcı fikirlərini təhlil etdilər. Tədbirə “Nur ocağı “ədəbi-bədii məclisindən bir çox başqa məclis və təşkilatlardan yaradıcı insanlar dəvət olunmuşdu.
Brilyant Atəş yaradıcılığının sehrinə dalan insanlar ona öz duyğu və düşüncələrini ünvanlayıb təbriklərini çatdırdılar.Tədbirdə Brilyant Atəşə ‘Nur ocağı”ədəbi məclisi tərəfindən gül buketi,Mirvarid Dilbazi poeziya məclisinin gözəl kəlağayı hədiyyəsi təqdim olundu.
Bu tədbirdə iştirak edib Brilyant müəllimə haqqında öz fikir və düşüncələrimi bölüşmək imkanını mənə yaratdığı üçün Güllü xanıma öz təşəkkürümü bildirirəm.
Və sonda Brilyant Atəş yaradıcılığından müəyyən məqamlara toxunmaq istəyirəm.
Brilyant Atəş öz şeirlərində bəzən döyüşkən əsgər, bəzən irəli komandası verən cəsur Azərbaycan qadını,bəzən Şəhid tabutu qarşılayıb öz ciyərparasını məzara qoyan dərdli,amma eyni zamanda da qürurlu Şəhid anası,bəzənsə haqsızlığa qarşı çıxan haqq-ədalət carçısıdır.
Onun 44 günlük haqq savaşına həsr etdiyi şeirindən bir bəndi diqqətinizə çatdırmaq istəyirəm. Bu misralarda bu yaradıcı xanımın vətənpərvərlik duyğuları açıq-aşkar görünür:
Tarixlərin alt qatını yarıb üzə çıxandı,
Yağı düşmən sinəsini əməliylə yıxandı,
Ruhu haqqın dərgahında haqdan bəri baxandı,
Mindi qeyrət köhlənini heyran qoydu cahanı,
44 gündə zəfər çalan bu ölkəyə tay hanı?
Brilyant Atəş öz yaradıcı fikirlərinin rəngarəng və zəngin olmasını “Haqq gerçəyi “şeirində də əhatəli və dolğun şəkildə ifadə etmişdir:
Mən şeir yazıram bərsiz-bəzəksiz,
Bənzəyir hər sözüm gül ləçəyinə,
Ətri,təravəti aləmi tutar,
Oxşayır əlçatmaz dağ çiçəyinə.
Yatır qoşmalarım Ozan dilinə,
Divanım güc gəlir dağlar selinə,
Təcnisim atdanır dəvə belinə,
Gəraylım naz satır qız göyçəyinə.
Qəzəlim ləngərli,yolu Füzuli,
Gəzəcək dillərdə neçə yüz ili,
Rübaim,məsnəvim, eşqim əzəli,
Ruhum sadiq qalır Haqq gerçəyinə.
Dodaqdəyməzlərim xəyala dalır,
“Qoşa yarpaq”larım cüt qanad çalır,
Qıfılbənd gücünü Atəşdən alır,
Müxəmməs güvənir ağ birçəyinə.
Onu sevən və yaradıcılığını dəyərlidirən dostları və oxucuları adından Brilyant Atəşə bol-bol uğurlar və yaradıcılıq sevincləri arzu edirəm.
Ramilə Əliyeva