Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton fevralın 8-də Azərbaycana ikigünlük səfərə gələcək.
“Report” Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfər Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın “yaşıl energetika”nın inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə kimi sahələrinin gücləndirilməsinə istiqamətlənib.
V.Morton həmçinin fevralın 9-da xarici işlər nazirlikləri arasında hər il keçirilən Böyük Britaniya-Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcək.
Səfəri zamanı Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri bir sıra rəsmi görüşlər də keçirəcək. O cümlədən xanım diplomat xarici işlər naziri Ceyhun Bayramov, təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazovla görüşəcək. Eyni zamanda V.Morton Prezident İlham Əliyevin qəbuluna düşməyi planlaşdırır.