Bu gün 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə səkkiz komanda iki qrupda mübarizə aparacaq.
A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası yarışacaq.
Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.
Turnirin Şuşa mərhələsinin açılış oyunu saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, “Neftçi” klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.
Qeyd edək ki, dünya qadın seriyasında Şuşa mərhələsinin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanacaq.