Martın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt Bakıda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 370 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı, müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər mütəmadi olaraq davam etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz bayramını xoş əhvali-ruhiyyə ilə qarşılanmasına böyük töhfə olacaq.