BMT Baş Assambleyasının qətnaməsinə əsasən, hər il dekabrın 3-ü gününün Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunması ictimaiyyətin diqqətinin əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyır.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti Azərbaycanda əlilliyi olan şəxslərin də sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi tədbirlərinin ildən-ilə genişlənməsinə imkan verib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər aylıq müavinət ödənilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin edilirlər. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə də Prezidentin aylıq təqaüdü ödənilir.
Bu sosial ödənişlərin ardıcıl olaraq artırılması təmin olunur. Dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar nəticəsində, xüsusilə son 5 ildə bu sahədə ciddi irəliləyişlər əldə olunub, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2 dəfədən çox, müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra 5600, ümumilikdə ötən dövrdə 14400 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə mühüm dəstək göstərir. Ötən dövrdə burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət 470 benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb. Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsi üçün Regional İnformasiya Mərkəzləri də açılıb.
Ölkəmizdə son 5 ildə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və şəbəkəsinin genişləndirilməsi üçün mühüm addımlar atılıb, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 3 dəfə artaraq 60 minə çatıb. Eyni zamanda, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı xeyli genişləndirilib. Mühüm addımlardan biri kimi, ölkəmizdə yüksək texnologiyalı son nəsil protezlərlə təminat da həyata keçirilir və 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd son nəsil müasir protezlə təmin olunub.
Azərbaycanda əlilliyin qiymətəndirilməsi sahəsində mühüm islahat tədbiri kimi, ötən ilin iyul ayından yeni meyarlar tətbiq olunmaqla, əlillik mütərəqqi dünya təcrübəsinə uyğun olaraq orqanizmin funksiyalarının itirilməsi faizi əsasında müəyyən edilir. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkara çıxarılaraq cəmiyyətə tanıdılması üçün ümumrespublika yarış və müsabiqələri, sərgilər də davamlı xarakter alıb. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da genişlənir.
Bütün bu tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı fəal dövlət siyasətinin aparıldığını göstərir.