İyulun 29-də müəllimlərin işə qəbulu müsabiqəsində ingilis dili, rus dili və musiqi fənləri üzrə imtahanlar keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarında bu gün 3 min 290 namizədin iştirakı gözlənilir.
Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.