Mərkəz Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmiş beynəlxalq təşkilatdır.
Hazırda ətrafında dünyanın 50-dən çox ölkəsinin aparıcı liderlərini birləşdirən Mərkəz xanım Vayra Vike-Freiberga, Qordon Broun, Aleksandr Kvasnievski, Petro Poroşenko, Leonid Kuçma, Viktor Yuşşenko, Boris Tadiç, Kolinda Drabbar-Kitarovic, Ehud Barak, Binəli Yıldırım, Volkan Bozkır, George Papandreou, Qiorqi Margvelaşvili, Kerri Kennedy və s. 100-dən çox tanınmış siyasi xadimlərin, Nobel mükafatçılarının, tanınmış alimlərin toplandığı bir quruma çevrilmişdir.
Fəaliyyətdə olduğu 10 il ərzində Azərbaycan, ABŞ, Çin, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Fransa, İordaniya, İsrail, İsveçrə, Italya, Ispanya Latviya, Misir, Moldova, Polşa, Rumınya, Türkiyə, Ukrayna, Vatikan, Yunanıstanda 9 Global Bakı Forumuna, 24 Ali Səviyyəli Toplantıya, 10 Fakt Araşdırıcı Missiyaya və 20 Koordinasiya toplantısına ev sahibliyi etmişdir.
Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq prezidenti (1999–2007) xanım Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) Dr.İsmayıl Seragəldindir.
IX Qlobal Bakı Forumunun açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərkəzin fəaliyyətini qiymətləndirərək bildirib: “Fəaliyyəti dövründə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin həlli ilə və geniş beynəlxalq ictimaiyyətə qucaq açaraq aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Mən ötən gün İdarə Heyətinin üzvləri ilə görüşdüm və mənə məlumat verildi ki, IX Forumda bizim təxminən 50 ölkədən ali səviyyəli nümayəndələrimiz var və bu bir il əvvəllə müqayisədə daha çoxdur. Bu, bizim müzakirələrimizin cəlbediciliyini nümayiş etdirir və bu platformaya ehtiyac olduğunu nümayiş etdirir və bu, çox faydalıdır. Onun çox vacib praktiki təsirləri var və mən əminəm ki, bu günlər ərzində Bakıda və bazar günü Şuşada müzakirə edilənlər qərar qəbul edənlər üçün vacib olacaq.”