İlin 9 ayında ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 27-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunan onlayn formatda Kollegiya iclasında məlumat verilib.
Giriş nitqi ilə çıxış edən daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Müzakirələrdən əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların bu ilin sentyabr ayının 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlədən polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid verdiyini və 370 nəfərin yaralandığını diqqətə çatdırıb. Bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vilayət Eyvazov oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Prezident İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi. Bütövlükdə polisin və Daxili Qoşunların Qarabağın bütün ərazisində xidməti vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükəsizliyi qoruduğunu, bu prosesin davamlı olacağını vurğuladı.