Statistikaya görə, ölkəmizdə xroniki böyrək xəstəliyindən 11 min nəfər əziyyət çəkir. Hər il həmin xəstəlikdən əziyyət çəkənlərin sayı 17-20 faiz artır.
AZƏRTAC xəbər verir ki, Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev xəstəlikdən əziyyət çəkənlərin 65 faizini kişilərin təşkil etdiyini söyləyib: “Kişilərdə qan təzyiqi, ürək çatışmazlığı əlamətləri, müəyyən iltihabi proseslərin başvermə ehtimalı daha çox olduğuna görə xəstəlik onların arasında daha geniş yayılıb. Xroniki böyrək çatışmazlığı bir xəstəlik kimi yox, hər hansı xəstəliyin fəsadı kimi baş verdiyi üçün kişilər arasında ağırlaşmalara daha çox rast gəlinir. Müasir dövrdə böyrək çatışmazlığının əsas səbəblərindən biri böyrəyin iltihabı xəstəlikləri və şəkərli diabetdir”.
Şöbə müdiri deyib ki, keçən il 3500 xəstə hemodializ müalicəsi qəbul etdiyi halda bu ilin doqquz ayı ərzində həmin xəstələrin sayı 3700-ü ötüb: “Bu, regionlarda diaqnostika mərkəzlərinin və tibb xidmətinin səviyyəsinin artırılması, xəstəliyin vaxtında aşkar olunması və düzgün müalicəyə yönəldilməsi nəticəsində baş verib. Hemodializ seanslarının keyfiyyəti və dərman təminatı yaxşılaşdıqca xəstələrin ömrü uzanır və ölüm faizi getdikcə azalır”.