“Heydər Əliyev İli” çərçivəsində Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan intellektual yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin çoxşaxəli dövlətçilik fəaliyyətindən, müstəqilliyimizin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən, habelə əsasını qoyduğu gənclər siyasətindən danışılıb.
İntellektual yarışda Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin 70 üzvündən ibarət 10 komanda qələbə uğrunda mübarizə aparıb. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, həyatı və irsi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar.
Sonda yarışın qaliblərinə mükafatlar təqdim edilib.