“Buta Airways” Həştərxana xüsusi reyslərə başlayıb

Aşağıbüdcəli aviadaşıyıcı “Buta Airways” bu gündən etibarən Bakıdan Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayıb.

AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, uçuşlar həftədə bir dəfə – həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetirilir.

Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunur.

Bakı-Həştərxan istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

– Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Rusiya Federasiyası ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/russia

– koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/azerbaijan

Həştərxan-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

– Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilib: https://www.butaairways.az/az/covid/azerbaijan

– koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.butaairways.az/az/covid/russia.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. Koronavirus infeksiyasının yayılmasının qarşısını alınması və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar terminal binasına buraxılmayacaq.

ƏvvəlkiKraliça ABŞ prezidentini Vindzor sarayına dəvət edib
NövbətiBP Zəngilan-Cəbrayıl zonasında günəş elektrik stansiyası tikəcək