İmzalanma mərasimində nazirlər Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd ediblər.
“Report”un xəbərinə görə, bildirilib ki, iki dənizi birləşdirən mövcud nəqliyyat şəbəkələri arasındakı bu marşrut Avropanı Mərkəzi Asiya ilə birləşdirən ən qısa və iqtisadi cəhətdən effektivdir.
Tərəflər vurğulayıblar ki, Avropa İttifaqının üzvü olan Rumıniyanın da layihədə iştirakı təşkilata gələcəkdə nəqliyyat dəhlizinin inkişafında fəal iştirakına stimul verəcək.
Rumıniya XİN başçısı Teodor Meleşkanu bildirib ki, Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizi bu ilin yayında təsdiqlənəcək Aİ-Mərkəzi Asiya Əməkdaşlıq Strategiyasında əhəmiyyətli yer tutacaq.
Dəhlizin inkişaf etdirilməsi məqsədilə ekspertlərdən ibarət işçi qrup yaradılacaq. İşçi qrup texniki aspektlərin razılaşdırılması və prosedurların optimallaşdırılması istiqamətində iş aparacaq ki, bu da tariflərin uyğunlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsinə imkan verəcək.
Qeyd edək ki, Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizi ilə bağlı ilk danışıqlar ötən il baş tutub. 2018-ci ilin oktyabrın 24-25-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilib.