Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 2022-2026-cı illər ərzində 24 kəndin tikilməsi planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri” mövzusunda paneldə bildirib.
Onun sözlərinə görə, “Böyük Qayıdış”a dair 1-ci Dövlət Proqramına görə 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin salınması planlaşdırılıb.
İcraçı direktor qeyd edib ki, Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndi artıq məskunlaşıb. Belə ki, kəndə 649 nəfərdən ibarət 133 ailə köçürülüb.