Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialının nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin dəstəyi ilə görkəmli yazıçı-dramaturq, publisist, nasir, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Turanə Əmirova çıxış edərək Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə və xaricdə böyük ədibin yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini diqqətə çatdırıb.
Kitabxananın əməkdaşı, birliyin sədri, şair-publisist Zərəngiz Mansurova bu yaxınlarda görkəmli dramaturqun Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olduğunu və mərasimdə onun ailə üzvlərinin iştirak etdiyini söyləyib.
Tədbirdə şair-publisist Akşin Ağkəmərli Mirzə Cəlilin Təbrizdəki fəaliyyətindən, “Molla Nəsrəddin” məcmuəsinin bir çox məşəqqətlərlə 9 nömrəsinin İranda çıxmasından danışıb. Natiq ədəbin bütün yaradıcılığı ilə bərabər, həm də çox böyük azərbaycanlı olduğunu diqqətə çatdırıb: “O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışıb. Cəlil Məmmədquluzadənin irsinə nəzər salanda görürük ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görüblər”.
Kitabxananın əməkdaşı Esmira Zülfüqarova qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin ev-muzeyində aparılan təmirdən sonra muzey xalqın istifadəsinə verilib, 5 mindən çox eksponat toplanmış muzey bir ocaq kimi fəaliyyətini davam etdirir.
Sonda “Molla Nəsrəddin” məcmuəsində dərc edilmiş əsərlərdən nümunələr səsləndirilib.