Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə və quldurluq etmədə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Y.Bayramov ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri – 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y.Bayramov Bakıda saxlanılıb.