Cənubi Koreya hökuməti ümummilli tətil keçirən yük avtomobili sürücülərindən işə qayıtmağı tələb edən fərman imzalayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, fərman ölkə Prezidenti Yun Sok Yol tərəfindən çağırılan Nazirlər Kabinetinin iclasında təsdiq edilib.
Beləliklə, ölkə hökuməti tətilə çıxan sürücüləri işə qayıtmağa məcbur edən və 2004-cü ildə yenidən işlənmiş qanuna əsasən, ilk dəfə səlahiyyətlərindən istifadə edib.
Təlimatlara əməl edilməməsi 3 ilə qədər həbs cəzası və ya 30 milyon von (22,4 min ABŞ dolları) məbləğində cərimə ilə nəticələnə bilər.
Qeyd edək ki, “Cargo Truckers Solidarity Union” Həmrəylik Birliyinin bir neçə min üzvü ötən cümə axşamından başlayaraq tətil edir. Bu, iyun ayından indiyədək ikinci belə ümummilli etiraz dalğasıdır. Onlar səlahiyyətliləri sürücülər üçün kifayət qədər əməkhaqqını təmin edən minimum yük tarifləri sistemini daimi etməyə çağırırlar. Sistemin müddəti 2022-ci ilin sonunda bitir.