Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb.
Turk.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.
Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.
Sammitin yekunlarına dair birgə sənəd imzalanacaq.
Qeyd edək ki, KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşmə imkanı nəzərdən keçirilir.