Martın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımağa davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barədə məlumat verib.
Söhbət zamanı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub. Nazir, həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb.
Karen Donfrid öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə olunaraq, bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.
Nazir Ceyhun Bayramov telefon danışığının sonunda yaxın vaxtlarda hazırkı vəzifəsini tərk edəcək Karen Donfridə gələcək fəaliyyətində uğurlar arzu edib.