Xarici işlər naziri Ceyhun Bayramov aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşə münasibət bildirib.
“Report”un xəbərinə görə, Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycanın mövqeyini bir daha bəyan edib.
O xatırladıb ki, 30 illik işğala son qoyulandan və üçtərəfli bəyanatın imzalanmasından qısa müddət sonra Prezident İlham Əliyev bir neçə dəfə Azərbaycan tərəfindən artıq tarixin bu səhifəsinin üzərindən keçməyə, Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan münasibətlərin normallaşması istiqamətində ciddi addımların atılmasına hazır olduğunu bəyan edib:
“Bu məqsədlə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək təklifini irəli sürmüşdü. Onu da qeyd etmək istərdim ki, Azərbaycan təxminən, ötən bir il ərzində bu istiqamətlə bağlı Ermənistan tərəfindən heç bir real qarşılıq görməyib. Bu il fevral ayının 21-də Azərbaycan tərəfi daha spesifik, konkret və belə demək olarsa, sadə bir sənədi Ermənistan tərəfinə göndərmişdir və bu sənəd Ermənistan-Azərbaycan münasibətlərin normallaşmasını özündə ehtiva edən əsas beş baza təməl prinsiplərini əks etdirir. Biz çox konkret bir təklif vermişik.
Son bir neçə gün ərzində Ermənistanın yüksək səviyyəli rəsmiləri və siyasətçiləri tərəfindən belə demək olarsa, bir neçə müsbət mesajlar səsləndirilir. İndi tərəflər arasında olan əlaqələrin movcudluğunu biz müsbət qiymətləndiririk. Azərbaycan tərəfi hər zaman danışıqlarda açıq siyasət həyata keçirir. Hesab edirik ki, 6 aprel görüşü növbəti bir imkandır. Yenə deyirəm, Azərbaycan tərəfi mövqeyini açıq ifadə edib. Öncədən hər hansı qabaqlayıcı mesaj vermək istəməzdim. Onu proses göstərəcək. Düşünürəm ki, yaxın günlərdə Ermənistanın bu məsələyə nə qədər ciddi yanaşdığını, bu istiqamətdə nə qədər konkret addımlarla irəliləməyə hazır olduğunu görəcəyik. Azərbaycanın yanaşması buna adekvat olacaq”, – nazir əlavə edib.