Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqara ilə görüşüb, onu post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın inkişafı, həmçinin regionda və dünyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov, Azərbaycan və Qambiya arasında ikitərəfli, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həmçinin QH çərçivəsində əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib.
44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda artıq 282 nəfərin mina qurbanı olduğunu, habelə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatından sonra Ermənistan tərəfindən 2021-ci ildə bu ölkədə istehsal olunmuş minaların Azərbaycan ərazilərində basdırılması faktlarını diqqətə çatdırıb.
Nazir Mamadu Tanqara öz növbəsində münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan istifadə edilməsinin zəruriliyini qeyd edib. Qambiya naziri İƏT və QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərə tutulmuş təhsil qrantları və proqramlarında Qambiya vətəndaşlarının aktiv iştirak etdiyini diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi potensialını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.