Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi və konvensiyanın qüvvəyə minməsi Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşünün əsas mövzularından biri idi.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
“Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Həmin əməkdaşlıq platformalarından biri də dövlət başçılarının qərarına əsasən təşkil olunan Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Həmin qərara uyğun olaraq bu gün ilk görüş keçirilib. Görüş həm məhdud, həm də geniş tərkibdə olub. Xəzər mövzusu ilə bağlı ən müxtəlif məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər Sammitinin qərarlarının icrası, gələcək planlar barədə geniş müzakirələr aparıldı. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edildi”, – deyə nazir bildirib.
C.Bayramov görüş çərçivəsində Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər tərəfindən tam ratifikasiya edilməsi və qüvvəyə minməsi məsələsi, digər açıq qalan məsələlər, habelə bu məsələnin həlli üçün atılacaq addımların müzakirə olduğunu bildirib.
“Vacib olan sazişlər sırasında Xəzəryanı dövlətlər arasında orta və düz xətlərin razılaşdırılması, həmin sazişin hazırlanması istiqamətində yüksək səviyyəli işçi qrupunun növbəti görüşünün keçirilməsi də yer alıb və belə görüşün mart ayında Bakı şəhərində təşkil olunması planlaşdırılır”, – deyə nazir qeyd edib.
Azərbaycan XİN başçısı daha sonra vurğulayıb ki, Xəzər mövzusu ilə bağlı olaraq indiyədək 16 müxtəlif saziş qəbul edilib. Həmin sazişlərin 15-nə Azərbaycan Respublikası da qoşulub.
“Eyni zamanda, Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Həmin təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq Xəzər dənizinin səviyyəsinin son onilliklər ərzində azalması və bunun çox ciddi narahatlıq doğurmasıdır. Bu mövzu ilə bağlı olaraq VI sammitdə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi işçi qrupunun yaradılması təklifini irəli sürüb. Təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim edib və hazırda həmin sənədlər müzakirə edilir. Yaxın zamanlarda işçi qrupun görüşü təşkil olunacaq”, – deyə nazir diqqətə çatdırıb.
C.Bayramov Xəzərin hüquqi statusuna dair konvensiyada nəzərdə tutulduğu kimi Xəzər dənizinin sülh məkanına çevrilməsi, burada Xəzəryanı dövlətlərin hərbi sahədə atdıqları addımların digər ölkələr üçün məqbul olması, hər hansı bir gərginliyin yaradılmaması kimi məsələlərin də müzakirə mövzusu olduğunu qeyd edib.
“Ümumilikdə bu görüşü çox faydalı hesab edirik. Düşünürük ki, görüşün növbəti addımlara müsbət təsiri olacaq. Bildiyiniz kimi, beynəlxalq genişformatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir. Gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. İndi isə bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu”, – deyə nazir jurnalistlərə bildirib.