Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov bölgədəki son gərginliklə bağlı məlumat verib. O, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınmasını, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket atəşinə tutulmasını qeyd edib. Ermənistanın mülki şəxsləri atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı qarşı tərəfə məlumat verən nazir bu günədək 24 azərbaycanlı mülki şəxsin qətlə yetirildiyini, 111 nəfərin isə yaralandığını bildirib. Vurğulanıb ki, bölgədəki gərginliyin tam məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.
Cozef Borel bölgədə gərginliyin alovlanmasının ciddi narahatlıq doğurduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi vacibdir.