Bu gün saat 7 radələrində Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının blok postundan Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu humanitar yükü keçdi. Artıq ərzaq dolu yük avtomobili Xankəndiyə çatıb. Hazırda yük müvafiq anbara boşaldılır.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.
O, bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları döndükdən sonra onlarla ətraflı söhbət etmək imkanı olacaq və bu barədə ətraflı məlumat veriləcək. “Bizim yüklərimiz hələlik buradadır. Növbəti humanitar yardımlara gəlincə, əvvəllər də qeyd etmişdik ki, biz yerli şəraiti bilmirik, erməni əsilli sakinlərin nələrə ehtiyaclarının olduğu haqda məlumatımız yoxdur. Yəni bu barədə müvafiq qiymətləndirmədən sonra planlama aparılır və biz cəmiyyət olaraq işimizi həmin planlanmaya uyğun qura bilirik. Öncə ehtiyaclar müəyyənləşdirilməlidir. Ehtiyaclar müəyyənləşəndən sonra həmin istiqamətlərə uyğun addım atılmalıdır”, – deyə, Ceyhun Mirzəyev bildirib.