Azərbaycanda ilk dəfə təşkil olunan “CIDC 2023” tədbirinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyənin kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Erdal Özkaya Qarabağ əleyhinə dünya səviyyəsində aparılan kiberhücumlardan bəhs edən təqdimatla çıxış edib. O bildirib ki, dünya üzrə kiberhücumların dəyəri bir dəqiqədə 1 milyon 850 dollar təşkil edir. Hazırda dövlətlər virus hazırlayır, müdafiə sənayesi əvəzinə kiber sahəyə yatırımlar edir. Belə ki, dünyada bir dəqiqədə 7 fişinq hücum həyata keçirilir. Artıq müharibə deyil, kibermüharibələrə üstünlük verilir.
Sonra tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov və Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov tərəfindən “CIDC 2023” tədbirinin tərəfdaşları Azərbaycan Mərkəzi Bankı, SOCAR, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, KOBİA və ASAN Xidmət İnnovasiyalar Mərkəzinin nümayəndələrinə sertifikatlar təqdim olunub. Həmçinin tədbirin sponsorları “Prosol” şirkəti, “Azərconnetct”, “Trendyol”, “Palo Alto”, “Huawei”, “Fortinet”, “AzIntelekom”a sertifikatlar verilib. Tədbirin digər sponsorları “R.I.S.K. Company” şirkətinin rəhbəri Cabir Cümşüdov və “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev də sertifikatlara layiq görülüb.
Bədii hissədən sonra “Kibermüharibə” yarışının qalibləri elan olunub.
Birinci yerin qalibi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “UEİP” komandası elan olunub. İkinci yeri “Azercell” şirkətinin “Cybercell” komandası tutub. Üçüncü yerdə isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin “Dəmir Yumruq” (“Iron Fist”) komandası qərarlaşıb. Birinci yer 15 min, ikinci yer 10 min, üçüncü yerin sahibi isə 5 min manatla mükafatlandırılıb.