Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Çin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 23-də keçirilən Azərbaycanın nəqliyyat-tranzit potensialına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin “Bir kəmər – Bir yol” təşəbbüsü ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və Azərbaycandan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin “Bir Kəmər – Bir yol” təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə maraq göstərir.