Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məxsusi işgüzar sövdələşmələr də daxil olmaqla ehtimal edilən inhisar fəaliyyəti ilə əlaqədar “Alibaba Group” ilə bağlı araşdırmalara başlayıb.
AZƏRTAC administrasiyanın məlumatına istinadla xəbər verir ki, “Alibaba”nın bu cür məxsusi işgüzar sövdələşmələri sahibkarlara məhsullarını digər şirkətlərin elektron ticarət platformalarında satmağa imkan vermir.
“Alibaba”nın məsələ ilə əlaqədar yaydığı bəyanatda deyilir ki, şirkət sözügedən ittihamla əlaqədar araşdırma çərçivəsində dövlət administrasiyası ilə fəal əməkdaşlığa hazırdır.
Araşdırma xəbəri birjalarda “Alibaba”nın aksiyalarının qiymətinə ciddi təsir edib. Belə ki, dekabrın 24-də Honkonq birjasında şirkətin səhmləri 8,13 faiz ucuzlaşıb.
Qeyd edək ki, noyabrda Çində onlayn ticarətdə inhisarlığa qarşı qaydalar layihəsi qəbul edilib. Antiinhisar qaydaları ədalətli rəqabət üçün bütün bazar iştirakçıları arasında bərabərhüquqlu mühitin yaradılmasını təmin etməyi hədəfləyib.
Əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan “Alibaba Group” Çinin ən iri internet ticarət kompaniyasıdır. Qrup “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com” və “Tmall.com” kimi bir neçə törəmə elektron ticarət platformasının, “Alipay” elektron ödəniş sisteminin sahibidir. Şirkət dünyanın ən bahalı markaları siyahısında ilk onluqda yer alır.