Çinin Uxan şəhərindən Türkiyəyə təxliyə edilib Ankarada karantində saxlanılan, biri azyaşlı olmaqla altı vətəndaşımız təyyarə ilə Azərbaycana yola salınıblar.
AZƏRTAC xəbər verir ki, təxliyə olunan vətəndaşlarımız saxlanıldıqları xəstəxananı tərk edəndən sonra Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsi önünə güllər düzüb, xatirəsini yad ediblər. Onlar ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşları tərəfindən Ankarada fəaliyyət göstərən “Buta-Bakı” Azərbaycan Tanıtma Evindən Vətənə yola salınıblar.
Uxan şəhərindən təxliyə edildikləri üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini bildirən vətəndaşlarımız həyata keçirilən prosesi iki ölkənin və xalqın qardaşlığının bariz nümunəsi kimi dəyərləndiriblər.
Təxliyə olunan vətəndaşlarımız adından təşəkkürlərini ifadə edən Tural Cəfərov və Leyla Quliyeva təxliyə prosesi və karantin dövründə Azərbaycan və Türkiyə dövlətlərinin diqqət və qayğısını hiss etdiklərini bildiriblər.
Qeyd edək ki, Çindən təxliyə edilən və aralarında altı Azərbaycan vətəndaşının da olduğu şəxslər könüllü şəkildə Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmin şəxslərdə koronavirus aşkarlanmayıb. Xüsusi nəzarətdə saxlanılan şəxslərin hamısı fevralın 14-də normal həyata qayıdıblar.