Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində keçirilən Qırğızıstan Günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş “Qırğız Ədəbiyyatı” proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanda akkreditə olunan diplomatik korpusun, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və digər qonaqların iştirak etdiyi festival çərçivəsində bir sıra tematik panel müzakirələri təşkil olunub.
“Qırğız Ədəbiyyatı” sessiyasında Qırğızıstandan gələn “Manas” Qırğız-Türk Universitetinin nümayəndələri professor Burul Saqınbayeva və Altınbek İsmayılov çıxış ediblər. Məruzəçilər qırğız ədəbiyyatı haqqında məlumat verib, qırğız mədəniyyətinə dair videoçarxlar nümayiş etdiriblər. Sessiyanın sonunda A.İsmayılov öz şeirlərini səsləndirib.
“Çingiz Aytmatov – 95” sessiyasında ədəbiyyatşünaslar Mehman Həsənli və Nəzrin Əliyeva məşhur qırğız yazıçısının yaradıcılığından danışıblar.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nazgül Omurzakova təşkilatla Qırğızıstan arasında mövcud qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə keçirilən layihələrdən bəhs edib.
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Çingiz Aytmatov və türk dünyasının digər böyük şəxsiyyətlərinin zəngin irsinin beynəlxalq aləmdə tanıdılması yönündə fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.
Daha sonra rejissor M.Fərzəlibəyovun quruluşunda Bakı Bələdiyyə Teatrının aktyorlarının hazırladığı “Ana tarlası” tamaşasından bir parça nümayiş olunub. Tamaşa Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Təqdim olunan səhnəcik tədbir iştirakçıları, qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.