Azərbaycan alimləri Avropa Komissiyasının “Horizon-2020” tədqiqat və innovasiya proqramı üzrə növbəti uğura imza atıblar. Belə ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun iştirak etdiyi “Miqrasiya agentliyi üçün tarix və arxiv materiallarının əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə ziddiyyətli məqamlar” mövzusunda layihə Avropa Komissiyasının qiymətləndirilməsindən müvəffəqiyyətlə keçib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə İtaliyanın Modena və Reggio Emilia Universitetinin rəhbərliyi ilə həyata keçiriləcək. Dördillik layihə konsorsiumunun tərkibinə Fransa, Niderland, Yunanıstan, Azərbaycan, Tunis və Mərakeşdən ümumilikdə 11 universitet və tədqiqat institutu, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı daxildir. Layihə qeyd olunan ölkələrdəki miqrasiya proseslərini və miqrantlarla bağlı məsələləri, həmçinin İordaniya, Livan, İraq, Suriya, Fələstin ərazilərini əhatə edən, tranzit-beynəlxalq miqrasiya marşrutları ilə əlaqəli olan siyasi, iqtisadi, sosial, demoqrafik, ekoloji, gender və s. kompleks problemləri öyrənməyə yönəlib.
Coğrafiya İnstitutu konsorsiuma akademik Ramiz Məmmədovun rəhbərliyi, institutun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimovun koordinatorluğu ilə qoşulub.
İnstitutun layihədəki funksiyasına, ilk növbədə, “Ətraf mühit və iqlim dəyişmələri ilə bağlı baş verən miqrasiyalar”a dair iş paketinin icrası daxildir. Böyük Qafqaz, Kür dağarası çökəkliyi və Lənkəran vilayətləri ərazisində iqlim dəyişmələri və onların mənfi təsirləri ilə əlaqədar baş verən uzunmüddətli əhali miqrasiyalarının müxtəlif aspektləri (demoqrafik, sosial, ekoloji, sağlamlıq və s.) araşdırılacaq, miqrasiyaların təbii-coğrafi amilləri, onların hərəkət istiqamətləri və doğurduğu mənfi nəticələr müəyyənləşdiriləcək.
Elmi müəssisənin əməkdaşları, həmçinin rəqəmsal texnologiyaların köməyi ilə miqrasiya xəritələrinin hazırlanmasını həyata keçirəcəklər. Əldə olunmuş nəticələr barədə elmi ictimaiyyət məlumatlandırılacaq və bu məqsədlə müvafiq görüşlər təşkil ediləcək.