“COP29 və yaşıl üfüqlər: iqlim dəyişikliyinin idarə edilməsi” mövzusunda panel keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və GLOBSEC2024-ün birgə təşkilatçılığı ilə “COP29 və yaşıl üfüqlər: iqlim dəyişikliyinin idarə edilməsi” mövzusunda panel keçirilib.

AZƏRTAC xəbər verir ki, “The VONA & The Tide” təhsil və məşvərət platformasının təsisçisi Sofiya Şhevçukun moderatorluğu ilə keçirilən paneldə iqlim dəyişmələrinə qarşı fəaliyyətlərin və dünyada yaşana biləcək arzuolunmaz ssenarilərin qarşısının alınması üçün regionlararası əməkdaşlığın vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov indiyədək Azərbaycan tərəfindən aparılan danışıqlar və görülən işlər barədə məlumat verib. Bildirib ki, müvafiq istiqamətlər arasında sinerjinin qurulması vacibdir. Azərbaycan tərəfindən irəli sürülən 14 təşəbbüs barədə danışan E. Soltanov qeyd edib ki, onlardan 3-ü maliyyə məsələləri ilə bağlıdır, 4-5 bənd isə enerji və “yaşıl” keçid məsələlərini ehtiva edir.

E.Soltanov, həmçinin əlavə edib ki, builki COP29 atəşkəs dövrü olacaq: “Bizim COP atəşkəsi kimi ideyamız mövcuddur. Biz hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik. Çünki 1 saatlıq olsa da, atəşkəs bizim üçün vacibdir. Müharibələr istixana qazlarının əsas mənbəyidir”.

Su çatışmazlığı sahəsində vəziyyətin digər iqlim məsələləri ilə müqayisədə daha çox narahatlıq doğurduğunu deyən E. Soltanov bunun kənd təsərrüfatı, ərzaq sistemi, turizm və digər sahələrə də mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində maliyyə vasitələrinin əhəmiyyətini qeyd edən nazir müavini Azərbaycanın bütün tərəflərlə ikitərəfli, üçtərəfli, çoxtərəfli və hökumətlərarası səviyyələrdə əməkdaşlıq etdiyini vurğulayıb.

ƏvvəlkiAzərbaycan parataekvondo millisi Paralimpiadada ikinci yeri tutub
NövbətiADA Universiteti və Serbiya XİN-in Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb