ABŞ Prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Cozef Bayden Amerika xalqı adından dövlətimizin başçısına və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularını çatdırıb.
Məktubda deyilir: “Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”.