Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
“Report” Yaponiya Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan 7-si 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, 4-ü isə komanda yarışlarının qalibi olub.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi çüdoçular Şohei Ono (73 kq) və Maşu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.
Kişilərin mübarizəsində 9 cüdoçu – Naohisa Takato, Ryuju Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Haşimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei Oqava və Hisayoşi Harasava (hər ikisi +100 kq) iştirak edəcək.
Takato – 2013 və 2017-ci il dünya çempionatlarının qalibi, 2014-cü il dünya çempionatının və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, “Rio-2016″da bürünc medal görüşündə, ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında isə final qarşılaşmasında Orxan Səfərovu məğlub edib. 25 yaşlı idmançı həm də 2017-ci ilin Asiya çempionu, eləcə də “Böyük Dəbilqə” seriyalı turnirlərdə 12 qızıl, 2 gümüş və 1 bürünc medalın sahibidir.
22 yaşlı Naqayama isə “Böyük Dəbilqə” seriyalı yarışlarda 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
21 yaşlı Abe 2017-ci il dünya çempionatının qalibidir.
27 yaşlı Haşimoto 2017-ci ilin dünya, 2016-cı ilin Asiya çempionu, 2015-ci il Asiya çempionatının bürünc mükafatçısı, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş, 1 bürünc medalın sahibidir. O, ötənilki dünya çempionatının finalında Azərbaycan təmsilçisi Rüstəm Orucovu üstələyib.
20 yaşlı Fudzivara 2017-ci ilin Asiya çempionu, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 2 qızıl, 1 bürünc medal sahibidir.
25 yaşlı Naqasava “Böyük Dəbilqə” seriyalı turnirlərdə 3 qızıl, 3 bürünc medal əldə edib. O həm də 2015-ci il Ümumdünya Universiadasında bürünc medal qazanıb.
22 yaşlı Volf 2017-ci il dünya çempionatının qalibi, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 3 qızıl, 1 gümüş və 2 bürünc medalın sahibidir. O, ötənilki dünya çempionatının 1/4 finalında Azərbaycan təmsilçisi Elmar Qasımovu məğlub edib.
22 yaşlı Oqava “Böyük Dəbilqə” seriyalı turnirlərdə 2 qızıl, 1 gümüş medal qazanıb.
Harasava 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və 2017-ci il dünya çempionatında qarışıq yarışda qızıl medalçıdır. 26 yaşlı idmançı olimpiadanın finalında fransalı 2 qat olimpiya, 11 qat dünya (10 fərdi, 1 komanda) və 5 qat Avropa çempionu Teddi Rinerə uduzub.
O, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 5 qızıl, 2 gümüş, 3 bürünc medala, 2015-ci il Ümumdünya Universiadasında qızıl medala sahib olub.
Qadınlardan ibarət komandanın heyətində də 9 cüdoçu – Funa Tonaki (48 kq), Ay Şişime, Uta Abe (52 kq), Miku Tasiro (66 kq), Tsukasa Yoşida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Şori Hamada (78 kq) və Sara Asaxina (+78) yer alıb.
23 yaşlı Tonaki 2017-ci il dünya çempionatının qalibi, 2016-cı il Asiya çempionatının bürünc mükafatçısıdır. O, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 4 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
24 yaşlı Şişime 2017-ci il dünya, 2016 və 2017-ci il Asiya çempionatının qalibi olmaqla yanaşı, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 5 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb.
18 yaşlı Abe isə “Böyük Dəbilqə” seriyalı turnirlərdə 4 qızıl və 1 gümüş medal əldə edib.
23 yaşlı Yoşida 2017-ci il dünya çempionatında fərdi yarışlarda gümüş, qarışıq mübarizədə qızıl medal qazanıb. O, 2017-ci ilin Asiya çempionu, “Böyük Dəbilqə” seriyalı turnirlərdə isə 6 qızıl, 2 gümüş və 2 bürünc medalın sahibidir.
24 yaşlı Taşiro 2014 və 2015-ci il dünya çempionatların bürünc medal, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 6 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edib.
29 yaşlı Ono 2016 və 2017-ci il Asiya çempionatının qalibi, “Böyük Dəbilqə” seriyalı turnirlərin 2 qızıl, 2 gümüş və 2 bürünc medalçısıdır.
25 yaşlı Arai 2017-ci il dünya çempionatının qalibi olub. O, 2014-cü il Asiya Oyunlarında komanda yarışında qızıl, fərdi mübarizədə gümüş medala yiyələnib. Arai həm də “Böyük Dəbilqə” seriyalı turnirlərdə 6 qızıl, 5 gümüş və 5 bürünc medalın sahibi olub. O, həmçini ötən il Mərkeşdə keçirilmiş açıq dünya çepionatının qalibi adını qazanıb.
27 yaşlı Hamada 2017-ci ildə Asiya çempionu, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 3 qızıl, 3 bürünc medalın sahibi olub.
22 yaşlı Asahina 2017-ci ildə Mərakeşdə keçirilmiş açıq dünya çempionatında qızıl, Macarıstandakı dünya çempionatında fərdi yarışda gümüş, qarışıq mübarizədə isə qızıl medal qazanıb. O, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş, 2 bürünc medala sahib olub.
Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda 4 cüdoçu – Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Şoiçiro Mukai (90 kq) təmsil olunacaq.
24 yaşlı Tamaoki 2015-ci il Asiya çempionın qalibi, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 3 qızıl, 5 bürünc medalın sahibidir.
21 yaşlı Tatsukava Asiya çempionatının bürünc mükafatçısı olmaqla yanaşı, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 1 qızıl, 1 bürünc medal qazanıb.
18 yaşlı Sone “Böyük Dəbilqə” seriyalı turnirlərdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.
22 yaşlı Mukai 2017-ci ilin Asiya çempionu, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 1 qızıl, 1 bürünc medalın sahibi, 2017-ci il Ümumdünya Universiadasının bürünc mükafatçısıdır.
Ümumilikdə Yaponiya millisi 43 nəfərlik nümayəndə heyətindən ibarət olacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı sentyabrın 27-dək davam edəcək.