Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatına uğurlu başlayıblar.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə milli komandamızın 7 üzvü medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında 60 kiloqram çəkidə yarışan Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb.
66 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Rzayev final qarşılaşmasında gürcüstanlı Tenqo Zirakaşviliyə uduzaraq gümüş medalla kifayətlənib.
Qızlar arasında isə 52 kiloqramda mübarizə aparan Aydan Vəliyeva isə üçüncü yer uğurunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə qarşılaşıb. “Qızıl xal” bölümünün üçüncü dəqiqəsində rəqibinə ipponla qalib gələn idmançı bürünc medala sahib çıxıb.