“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı iyunun 24-nə nəzərdə tutulan cədvələ uyğun təqdim edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
Xatırladaq ki, iyunun 16-dan etibarən “Dərs vaxtı”nda abituriyentlər üçün dərslər təqdim olunur. Dərslərdə abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı təqdim edilir. Bu abituriyentlərin imtahana daha yaxşı hazırlaşmağına imkan verəcək.